Luqanskda universitet prorektoru girov götürüldü
Separatçılar Ukrayna antiterror birləşmələrinin dislokasiya olunduqları ərazilərin yaxınlığında yerləşən kənd və qəsəbələri atəşə tutublar. APA TV-nin məlumatına görə, rəsmi Kiyevin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, bu kimi addımların məqsədi antiterror birləşmələrini nüfuzdan salmaq və yerli əhalini qorxutmaqdır. Separatçılar əsasən Orlovka, Böyük Krınka, Kuraxovo yaşayış məntəqələrini atəşə tutublar. Hücum nəticəsində yerli əhali arasında ölən və yaralananlar var.
Separatçılar həmçinin Luqansk Milli Universitetini mühasirəyə alıb və prorektoru girov götürüblər. Rektor Vitali Kurilonun "facebook" səhifəsində yazdığı məlumata görə, sentyabrın 16-da universitetin bütün korpusları ələ keçirilib. Separatçılar kabinetlərə yiyələnir, familiyaları məlum olmayan müəyyən şəxsləri vəzifələrə təyin edirlər.
Sentyabrın 12-də universitetin daha 2 prorektoru separatçılar tərəfindən həbs edilmişdi.
Donetskin qərbində yerləşən aeroportda isə yenidən partlayış və ardıcıl atışma səsləri eşidilib.