Səlim Müslümov: "Ünvanlı sosial yardımın müddəti artırıla bilər"

"Azərbaycanda aztəminatlı ailələrə təyin olunan ünvanlı sosial yardımın müddəti 1 ildən 2 ilə qədər artırıla bilər".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, ünvanlı sosial yardım alan ailələrin 90 faizə yaxını eyni ailələrdir. Onların hər il yenidən eyni sənədləri gətirib təqdim etməsinə ehtiyac yoxdur: "Aparılan araşdırmaların nəticələri artıq hökumətə göndərilib. Ümid edirik ki, hökumət tərəfindən bununla bağlı müsbət nəticə əldə olunacaq. Eyni zamanda avtomatlaşdırma istiqamətində biz tədbirlərimizi davam etdiririk".

 

Nazir deyib ki, Azərbaycanda vətəndaşlara sosial xidmətlərin göstərilməsini qeyri-hökumət təşkilatları həyata keçirə bilər. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün dövlət qulluqçuları vasitəsilə sosial xidmətlərin monitorinqini aparmalı və bir növ sifarişçi rolunda çıxış etməlidir: "Bu gün dövlət sosial təminat xidmətində 3 003 nəfər işçi var. Lakin bu işçilərin 1 800-dən çoxu sosial xidmət sahəsində çalışır. Onlar dövlət işçisi sayılmırlar. Sadəcə nazirliyin işçisi kimi yerlərdə ayrı-ayrı kimsəsiz şəxslərə, əlillərə qocalar, aztəminatlı uşaqlı ailələrə xidmət göstərirlər. Sosial xidmətlərin göstərilməsi qeyri-hökumət təşkilatlarına verilməlidir. Nazirlik isə bunun üçün sifariş verməlidir. Mərkəzdə olacaq 3-4 nəfərlik sektor vasitəsilə verilən sifarişin yerinə yetirilməsinə nəzarəti həyat keçirməlidir. Hazırda biz  qanunvericiliyə və struktura  dəyişiklik edilməsi barədə düşünürük".

 

Sentyabrın 17-də  Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova