Nazir müavini: "Nəqliyyatda vahid karta keçilməsi ilə bağlı danışıqlar yekunlaşır"

"Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etməyi planlaşdırır".

 

APA TV-nin xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Həmin vaxtdan sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir".

 

Hazırda Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir. Musa Pənahov deyib ki, ictimai nəqliyyatda vahid kart sisteminin tətbiqi ilə əlaqədar ilk müqavilə bağlanan şirkətlərlə problemlər yaşanıb və onların bu layihəni sona çatdırması mümkün olmayıb. Bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə danışıqlar başa çatmaq üzrədir.


Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən danışan Musa Pənahov əlavə edib ki, bu ayın sonunda Gürcüstan-Türkiyə sərhədinədək dəmir yolunun yaradılması üzrə bütün texniki işlər başa çatacaq. Yaxın aylarda Türkiyə ilə sərhədə qədər texniki qatar buraxılacaq ki, bu da həmin hissədə müəyyən texniki işlərin aparılmasını asanlaşdıracaq: "Eləcə də gələn ilin ortalarınadək Gürcüstan-Türkiyə sərhədində 4 kilometrlik tunelin tikintisi başa çatacaq. Tunelin tikintisi çərçivəsində işlərin 80 faizi artıq yerinə yetirilib. Həmçinin Türkiyə ərazisində işlər davam etdiriləcək və bu işlərin gələn il başa çatdırılması nəzərdə tutulur".

 

Nazir müavininin sözlərinə görə, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır. Yeni dəmir yolu 2015-ci ildə istismara veriləcək.

 

Müəllif | Apa.Tv