Rusiyada baş verən zəncirvari qəzada azərbaycanlı ağır yaralanıb

Sentyabrın 17-də Rusiyada azərbaycanlının ağır yaralanması ilə nəticələnən zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Tambov vilayətinin Znamenki rayonunda qeydə alınıb. "M-6 Kaspiy" federal şosesinin 487-ci km-də baş verən qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. İlkin məlumata görə, hadisəni 42 yaşlı Dağıstan vətəndaşı törədib. "Volvo" markalı yük avtomobilinin sürücüsü svetoforun qırmızı işığına məhəl qoymayaraq, eyni istiqamətdə hərəkətdə olan Azərbaycan vətəndaşının idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb. "KamAZ" zərbənin təsirindən "VAZ-2115" markalı maşına dəyib. Bu zərbədən sonra isə minik avtomobili yolun əks istiqamətinə keçərək daha bir "KamAZ" və "VAZ-2114" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-2115"-in sürücüsü, 22 yaşlı Volqoqrad sakini və sərnişini hadisə yerində ölüb. Yük avtomobillərinin sürücüləri də ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Hazırda yol polisi hadisənin səbəblərini araşdırır.

 

Müəllif | Apa.Tv
Apa.tv