Xızı rayonunda xeyli yaşayış evi qəzalı vəziyyətə düşüb

Xızı rayonunda 100-ə yaxın yaşayış evində çatlar əmələ gəlib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yaşayış evləri Xızı şəhəri, Bəşir Səfəroğlu, Vüsaqi, Mikayıl Müşfiq, Zəngəzur küçələrində, rayonun Tıxlı və Baxışlı kəndlərində yerləşir.

 

Sakinlərin bildirdiyinə görə,  son bir ildə bu küçələrdəki fərdi yaşayış evlərində çatlar yaranmağa və dərinləşməyə, evlərdən bəzilərinin dam örtüyü çökməyə başlayıb.

 

Xızı şəhər bələdiyyəsinin sədri Mövsüm Bağırov evlərdə əmələ gələn çatları təbii ekzogen proseslərlə əlaqələndirir. Bələdiyyə sədri bildirir ki, yaşayış evləri tikilərkən inşaat qaydalarına əməl olunmayıb. Son 1 ildə hava şəraitinin quraq olması, evdə çatlama prosesini sürətləndirib: "Quraqlıq keçir. Yağışlar yağmadı deyə təbii çatlar yaranıb. Amma bu çatlar neçə illərin çatıdır. Buna səbəb də vətəndaşlar şəxsi evləri tikərkən tikinti normalarına əməl etməyiblər. Burada olan evlərin 70 faizi qəzalı vəziyyətdədir".

 

Xızı rayon icra hakimiyyətindən APA TV-yə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iyul ayında qeyd olunan ərazidə 25 fərdi yaşayış evinə baxış keçirib. 21 mənzilin qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Həmin evlərin gələcək taleyi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb. Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da, Xızı şəhəri, Tıxlı və Baxışlı kəndlərində yerləşən daha 14 evə baxış keçirib. Müşahidələr bitdikdən sonra yaşayış evləri ilə bağlı müvafiq qərar veriləcək.

 

Müəllif | Apa.Tv
Vəli Turan