Əli Abbasov: "4-cü operatorun fəaliyyəti tariflərə təsir etməyəcək"
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Göygöldə vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, səyyar qəbulda Göygöl və ətraf 7 rayondan olan 12 vətəndaşın şikayəti dinlənilib. Şikayətlərin əksəriyyəti əsasən işə qəbul edilmə ilə bağlı olub. Həmçinin ucqar yerlərdə internet və rəqəmsal teleyayım məsələləri ilə əlaqədar təkliflər də dinlənilib. Onların həlli istiqamətində lazımi qurumlara göstəriş verilib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, 4-cü operatorun fəaliyyətə başlaması Azərbaycanda mobil danışıq tariflərinə hələlik təsir etməyəcək.
Əli Abbasov həmçinin nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Gəncə şəhərində yeni istifadəyə verilmiş Efirə Radio Nəzarət Məntəqəsinə də baxış keçirib.
Qeyd edək ki, Gəncədə yeni istifadəyə verilmiş Efirə Radio Nəzarət Məntəqəsi respublika üzrə 14-cü efirə nəzarət stansiyasıdır. Artıq Bakıda 5, bölgələrdə 5 regional və 4 köməkçi radionəzarət məntəqələri fəaliyyət göstərir.