APA TV itən 7 yaşlı Öməri ailəsinə qovuşdurdu
Bakıda itən 7 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 7 yaşlı Ömər Nəbiyev qəsəbədə keçirilən toy mərasimində ailəsi ilə birgə iştirak edib. Valideynlərinin gözündən yayınan balaca toyun keçirildiyi məkandan kənarlaşaraq gözdən itib. Valideynləri və yaxınları uşağın axtarışa başlayıblar. Balaca Ömər Aeroport yolunun yaxınlığında Əziz Mahmudov adlı Binə sakini tərəfindən tapılıb. Əvvəlcə polisə məlumat verən Binə sakini onlardan yardım gözləyib. Daha sonra öz imkanlarından da istifadə edərək balaca Ömərin valideynlərinin axtarışına başlayıb.
APA TV-dən yardım istəyən Əziz Mahmudovun sözlərinə görə, əqli cəhətdən qüsurlu olan uşaq əkin sahələrinin yerləşdiyi yerdən təxminən 13 kilometr yol qət edərək Aeroport yoluna qədər gəlib çıxıb. Çətin və xeyli təhlükəli yoldan keçən uşaq möcüzə nəticəsində sağ qalıb.
Çəkiliş vaxtı ərazidən keçən bir nəfərin balaca Ömərin valideynləri tərəfindən axtarıldığı xəbərini verməsi izimlə bərabər bayaqdan ümidsiz şəkildə gözləyənləri sevindirdi. Balaca Ömər və onu tapan Əziz Mahmudovla Binə qəsəbəsində "Sahəlik" deyilən yerdə keçirilən toy məclisinə yollandıq.
Toyda iştirak edən qonşular tez oğlunun tapıldığı barədə şad xəbəri Rövşən Nəbiyevə verdilər. Az sonra toya gələn ata oğluna qovuşdu.
Rövşən Nəbiyevin sözlərinə görə, toyda yaşıdları ilə oynayan Ömər qəfil gözdən yayınaraq itib. Dərhal onun axtarışa başlayıblar.
Qeyd edək ki, həkim müayinəsindən keçən 7 yaşlı Ömər Nəbiyevin səhhətinin normal olduğu bildirilir.