Şamaxıda avtomobil aşıb, 1 nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 18-də, gecə saat 00:20 radələrində yolun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Bakı sakini, 46 yaşlı Ədalət Muradovun idarə etdiyi “NAZ Lifan” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə yerinə kömək üçün çağırılan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-qəza xilasetmə qrupunun üzvləri müxtəlif kəsici alətlərdən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə nəticəsində sərnişin - Ucar sakini 44 yaşlı Nemət Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, müayinə olunduqdan sonra evə buraxılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.