Üzeyir Hacıbəyovun evinin lal divarları - XÜSUSİ REPORTAJ

Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, milli musiqimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Bu gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. APA TV-nin məlumatına görə, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını aldı. 1995-ci ildə isə dövlət başçısı Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın "Milli Musiqi Günü" kimi qeyd olunması qərara alındı. Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Qarabağ mahalında, Ağcabədidə anadan olub. Atası ədəbiyyat, anası isə musiqi sahəsində sayılıb-seçilən adamlardan olublar. Musiqiyə olan marağını anasından mənimsəmiş Üzeyir 7 yaşında ikən tarda və kamançada yaxşı ifa edər, muğam oxuyarmış. Üzeyir Hacıbəyov 1897-ci ildə Şuşada iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini 1899-cu ildə Qori Müəllimlər Seminariyasında davam etdirir. 1905-ci ildə dahi bəstəkar Bakıya gələrək hazırda adını daşıdığı ev muzeyində yaşamağa başlayır. 27 il bu evin sakini olan Üzeyir bəyin bütün ömrü burda keçir. Yaşadığı evin hər daşında, hər əşyasında Üzeyir bəylə bağı xatirələr yaşayır, onun izləri görünür. Üzeyir Hacıbəyovun ev muzeyinin fond müdiri Aytən Heydərova bu barədə danışıb:

"Bu evə Üzeyir bəyin sənəd dostları, məsləkdaşları - Səməd Vurğun, Mirzə İbrahimov, həmçinin onun başqa ölkələrdən konservatoriyada dərs deməyə dəvət etdiyi Raxmaninov, Çumakov gələrək onunla həmfikir olublar. Əgər bu evdəki divarları danışsaydı, ən gözəl xatirələri elə onlar danışardı".

Bu evdə hər şey Üzeyir bəyin zamanında olduğu kimi saxlanılır. Üzərinə gümüş qablar düzülən yemək masası, samovar, mis kasalar, qrammofon, radio qəbuledici, dostlarının ona hədiyyələri və daha nələr, nələr...

"Divardan asılan bu xalça Üzeyir bəyə 60 illik yubileyi münasibəti ilə AMEA-nın alimləri tərəfindən hədiyyə verilir. Xalça simvolik xarakter daşıyır. Üzeyir bəyin portreti ilə yanaşı, onun "Leyli və Məcnun", "Koroğlu" operalarından obrazların rəsmləri, həmçinin xalçanın üzərində olan tank II Dünya Müharibəsi zamanı faşizm üzərində qələbədə xidmətlərinə bir işarədir. Qərb musiqi alətləri ilə milli musiqi alətlərinin vəhdətini təsvir edən bir rəsm də var ki, bu təsadüfi xarakter daşımır. Çünki Azərbaycan musiqi tarixində məhz Üzeyir bəy 1908-ci ildə "Leyli Məcnun" operasının nümayişi zamanı Qərb tipli orkestrin tərkibinə tar və kamançanı daxil edib".

Dörd divarı bəzəyən, keçmişi özündə yaşadan ağ-qara fotolar isə insanı bəstəkarın yaşadığı dövrə aparır. Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə ilə bərabər çəkilən foto ev muzeyinin fəxri əşyaları sırasındadır. Üzeyir bəyin ailə fotoları, həyat yoldaşı Məleykə xanımla Peterburqda çəkdirdiyi şəkil, anasının, qardaşlarının fotoları bəstəkarın ailəsini bizə daha yaxından tanıdır.

"Muzeyin özəl bölümündə Hacıbəyovların yataq otağı var. Komodun üzərində olan bu güzgü Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımın ən sevimli əşyalarından biri olub. Ümumilikdə isə bu otaqda olan hər bir əşya Məleykə xanımın cehizlikləridir. Dahi bəstəkarın frakı muzeydə olduğu kimi qorunub saxlanılır".

Üzeyir Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdı. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdı. Bəstəkar bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoyur. 1913-cü ildə musiqi təhsilini davam etdirmək üçün Üzeyir bəy Peterburqa gedərək konservatoriyaya daxil olur. Bu dövrdə o, “Arşın mal alan” musiqili komediyasını yazır.

"Üzeyir Hacıbəyovun iş otağındakı masa üzərindəki bütün əşyaları ilə birlikdə olduğu kimi saxlanılır. Masanın üzərində ona məxsus bütün əşyalar - saatı, eynəyi, hətta papirosu və "Azərbaycan" simfonik poemasının notları qalıb. Əgər ömür vəfa etsəydi, dahi bəstəkar bu poemasını yazıb bitirəcəkdi. Təəssüf ki, bu, ona nəsib olmadı".

"Azərbaycan" simfonik poeması ilə yanaşı dahi bəstəkarın müasir mövzuda olan “Firuzə” operası da yarımçıq qaldı. Bu, bəstəkarın son operası idi.

"1948-ci il noyabrın 22-dən 23-nə keçən gecə. Bu tarix dahi bəstəkarın ölüm tarixidir. Divar saatı gecə saat 2-ni göstərir. Ölüm saatını. Sanki bəstəkarın ölümü ilə zaman da donur bu evdə".

Üzeyir Hacıbəyovdan bizə miras qalan Azərbaycan Respublikasının Dövlət Himni, "Koroğlu" operası, "Sənsiz" romansı, "Cəngi", "Arazbarı", "Arşın mal alan", "O olmasın, bu olsun" operettası və digər ölməz əsərləri bu gün də yaşayır və musiqi mədəniyyətimizin tarixinə ömürlük həkk olunub.

 

Müəllif | Apa.Tv