Fərhad Bədəlbəyli: "Biz Üzeyir bəyin çörəyini yeyirik"

Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub. APA TV-nin məlumatına görə, daha sonra Bakı Musiqi Akademiyasında tədbir keçirilib.  Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib: “Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu gün Beynəlxalq Musiqi Festivalı münasibətilə Azərbaycanın müxtəlif rayonlarında tədbirlər keçiriləcək, Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək. 11 ölkədən məşhur musiqi kollektivləri Azərbaycana təşrif gətirib”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbindəki rolundan danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd olunması musiqimizin böyük uğurudur.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətində qoyduğu izlərdən söz açıb: "Üzeyir bəylə hər şey başlayır və davam edir. Süleyman Ələsgərov hər zaman deyərdi ki, biz Üzeyir bəyin çörəyini yeyirik. O olmasaydı, nə opera, nə balet, nə caz olardı".

Tədbirə qatılan sənətçilər də ürək sözlərini söyləyiblər.

Sonda Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.

Müəllif | Apa.Tv