Fazil Məmmədov Zaqatalada vətəndaşları qəbul edib
Vergilər naziri Fazil Məmmədov Zaqatalada vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, nazir Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Zaqatala, Balakən, Qax rayonlarından olan vətəndaşlarla görüşüb. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edilib. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.