Bilik Fondu məscidlərə kitab paylayacaq

"Bilik Fondu jurnalistika ixtisasına yiyələnmək  istəyən abituriyentlər üçün təlimlər keçmək niyyətindədir".

 

APA TV-nin bu sözləri keçirdiyi mətbuat konfransında Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib. Bu ildən jurnalist olmaq istəyənlərin test imtahanından başqa, inşa yazdıqlarını da xatırladaraq nəticənin o qədər də yüksək olmadığı qeyd edib: "Təssüf ki, orta təhsil pilləsinin son iki ilində abituriyentlər müəyyən fənləri öyrənirlər. Onlar testlə hazırlaşdıqlarına görə, yazı qabiliyyəti, yazı bacarığı, öz fikirlərini ifadə etmə bacarığında bir qədər axsamalar olur. Biz fond olaraq, qabaqcıl, peşəkar jurnalistlərdən istifadə edərək müəyyən işlər görə bilərik. Jurnalist olmaq istəyən şəxsləri bizim fonda dəvət edib sizin iştirakınızla orada təlim kursları təşkil etmək olar. Biz onlara esse müsabiqəsinə hazırlıq baxımından filoloqlarla görüşdürə bilərik".

 

Fond həmçinin himayəçilik şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Adbullanın ideya müəllifi olduğu daha bir maraqlı layihə həyata keçirməyi planlaşdırır. Qurum ölkədəki məscidlərdə kitabxanalar yaradacaq: "Bu gün məscid təkcə ibadət yeri deyil,  həm də dindarların, Allaha sitayiş edənlərin maarifləndirmə məkanına çevrilə bilər. Məscidə gələn kəs təkcə müqəddəs kitabımız "Quran"la yox, eyni zamanda peyğəmbərlərin həyatı, tarixi kitablarla yaxından tanış ola bilərlər".

 

Bilik Fondu eyni zamanda son vaxtlar aktual olan yas və toy mərasimlərində israfçılığa yol verilməməsi üçün əhali arasında maarifləndirmə tədbirləri həyata keçirmək niyyətindədir.

 

Müəllif | Apa.Tv