Azərbaycanda labirint formalı unikal qəbir abidə tapılıb

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb. Bu barədə APA TV-yə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib. Labirint formalı qəbir abidə həyətyanı sahələrin birindən tapılıb. Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidə birinci dəfədir, aşkarlanıb. Qəbir abidəsi e.ə III minilliyə, tunc dövrünə aiddir: "Burda labirint elə qurulub ki, qəbirlər evlərin altında olduğu üçün, əsas qəbiri tapa bilmirik. Ehtimal edirik ki, qəbirin aşağı hissəsində, qurbangah deyilən yerdə bir ədəd küpə tapılıb. Boyalı qabdır. Boyalı qab olduğuna görə, Orta Tunc dövrünə aid edirik. Olduqca unikal bir qəbir abidəsidir. Hələlik biz bunu labirint adlandırırıq. Bu qəbir abidəsinin analogiyasını mən hələ heç yerdə görməmişəm".

 

Qəhrəman Ağayevin sözlərinə görə, Şahtaxtı arxeoloji abidələr kompleksi bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit dövründən indiyədək intensiv yaşayış olub. Əhali 8 min il öncə, mis-daş dövründə ərazidə məskunlaşıb və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə bütün mədəni təbəqələr üst-üstə yerləşir. Builki qazıntıların son nəticəsi ərazinin stratoqrafiyasını dəqiqləşdirmək məqsədi daşısa da, buna nail olunmayıb. Ancaq əldə olunan faktlar Şahtaхtı yaşayış yеrinin yaşının daha qədim dövrə - Еnеolit dövrünə aid olmasını təsdiqləyir. Gələcək qazıntılarda Şahtaхtı abidəsinin daha da qədim dövrlərə gеtməsini söyləmək mümkün olacaq. Qəhrəman Ağayev bildirib ki, bütün regionda unikal abidə hesab oluna Şahtaxtı arxeoloji kompleksini qorumaq üçün ərazi açıq muzey elan olunmalı, burada arxeoloji qazıntılar yalnız yay aylarında deyil, il boyu aparılmalıdır: "O qədər böyük yerdir ki, bunun təkcə nekropolu (məzarlıq hissəsi) 15 hektardır. Bura vaxtilə inkişaf etmiş şəhər olub. Bunu artıq sübut etmişik. Burda Tunc dövründə şəhər mədəniyyəti inkişaf edib. Son Tunc dövründə burda yüksək inkişaf etmiş şəhər mərkəzi olub. İş adamlarından xahiş edərdik ki, bu abidəyə diqqətlərini artırsınlar. Əllərindən gələn köməkliyi etsinlər. Bu abidə sərhəd məntəqəsinin yanında yerləşir. İkincisi, İpək yolunun üstündə yerləşir. Üçüncüsü isə bu kənd dünyaya böyük şəxslər bəxş edib".

 

Şahtaxtı arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı 1936-cı ildə aparılıb və abidənin son tunc, erkən dəmir dövrünə aid olması söylənilib. 

Müəllif | Apa.Tv
Vəli Turan