Zaqatalada narkoman qətlə yetirilib

Zaqatalada qətl törədilib. Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, sentyabr ayının 16-dan 17-ə keçən gecə Zaqatala sakini Səbuhi Hüseyn oğlu Ələsgərli qarın boşluğunun sol nahiyəsinin bıçaqla  kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Onun üzərində cərrahiyə əməliyyatı keçirildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Zaqatala RMX-nın həkimi Nadir Nünərvəri deyib ki, sentyabr ayının 17-si saat 22:00 radələrində Səbuhi Hüseynovun vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törədən rayonun Qazangül qəsəbə sakini Kamran Məmmədov tutulub.

 

Mərhum Səbuhi Ələsgərli əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.
 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov