Şəmkir sakinləri arasında atışma: 1 nəfər ölüb, 1 nəfər yaralanıb
Şəmkirdə silahlı insident baş verib. Rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında, “Soyuqbulaq” adlanan ərazidə olub. Rayonun Mahmudlu kənd sakini, 32 yaşlı Nazim Abbasovla, Kür qəsəbə sakini 26 yaşlı Rəşad Məmmədov aralarında olan narazılığa aydınlıq gətirmək üçün sözü gedən əraziyə gəliblər. Nazim Abbasovun üzərində “AKM” avtomat silah, Rəşad Məmmədovun üzərində isə qundağı kəsilmiş ov tüfəngi olub. Narazılığa sözlə həll edə bilməyən hər iki nəfər bir-birinə atəş açıb. Nəticədə Nazim Abbasov yaralanıb, Rəşad Məmmədov isə ölüb. Nazim Abbasov yaralı vəziyyətdə polislərin nəzarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Kənd sakinlərinin verdiyi məlumata görə, hər iki şəxs əvvəllər Rusiya Federasiyanın Rostov vilayətində xırda ticarətlə məşğul olub və həmin vaxt aralarında narazılıq yaşanıb. Ötən gün məhz həmin narazılığı həll etmək istəyiblər.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.