"Qarabağ" ilk oyuna heç-heçə ilə başladı
Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasında qrup mərhələsinin ilk qarşılaşmasını Bakıda Fransanın "Sent-Etyen" komandasına qarşı keçirib. APA TV-nin xəbərinə görə, 31 min azarkeşin dəstəyi ilə meydana çıxan "Qarabağ" qarşılaşmaya fəal başlayıb. İlk dəqiqələrdən rəqibi öz qapısına doğru sıxışdıran komandamız bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçular bu imkanlardan yararlana bilməyiblər. Birinci hissə qolsuz heç-heçə ilə bitib.
İkinci hissədə Fransa klubu daha çox müdafiədə, "Qarabağ" isə fəal hücumda oynayıb. İkinci 45 dəqiqədə də "Qarabağ" rəqib qapısında bir neçə qol vəziyyəti yaratmağa nail olub. 69-cu dəqiqədə Reynaldo "Sent-Etyen"in müdafiə xəttini təkbaşına yarsa da, qapıçı komandasını qoldan xilas edib.
"Qarabağ"ın aşkar üstünlüyü ilə keçən qarşılaşma 0:0 hesabı ilə bitib və komandalar ilk turda hərəyə 1 xal qazanıb.
Qrupdakı digər qarşılaşmada isə Milan "İnter"i səfərdə Ukraynanın "Dnepr" klubunu 1:0 hesabı ilə məğlub edib və qrup liderliyinə yüksəlib.