Türkiyənin baş naziri Azərbaycandadır
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycanda səfərdədir. APA TV-nin məlumatına görə, səfərdən əvvəl Ankarada jurnalistlərə açıqlama verən baş nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında kök salmış bir ənənə var: hər iki ölkənin ən yüksək vəzifələrinə gələn şəxslər ilk qarşılıqlı səfərləri qardaş ölkəyə edirlər.
Əhməd Davudoğlu deyib ki, rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək: "İkitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni tərəflərini müzakirə edəcəyik. Bu səfər Türkiyə və Azərbaycan arasında həm ikitərəfli münasibətlər baxımından, həm də regional və beynəlxalq miqyasdakı yaxın əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olacaq".
"Birlikdə çox parlaq gələcəyə gedirik" deyən Əhməd Davudoğlu bildirib ki, TANAP kəmərinin Azərbaycan hissəsinin təməlqoyma mərasimi keçiriləcək: "TANAP layihəsi həm də bir sülh layihəsidir. Qafqazdan Anadolu torpaqlarına, oradan isə Balkanlara gedən bir sülh layihəsi. 90-cı illərin əvvəllərində Balkan və Qafqaz böyük entik münaqişələrlə anıldı. İndi problemli kimi görünən iki coğrafiyanı Anadolu torpaqları birləşdirir".
Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya ötən gecə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanlnda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əhməd Davudoğlunu hava limanında Azərbaycannın baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Qeyd edək ki, səfərdə Əhməd Davudoğlunu həyat toldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edir.