"Trabzonspor"dan qələbə, "Beşiktaş"dan heç-heçə
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarının qarşılaşmalarının taleyini son dəqiqələrdə vurulan qollar həll edib.
APA TV-nin xəbərinə görə, "Beşiktaş" İstanbulda Yunanıstanın "Asteras" komandası ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Gökhan Töre "Beşiktaş"ı hesabda irəli çıxarıb. İlk hissə Türkiyə klubunun üstünlüyü ilə başa çatıb.
İkinci hissədə də "Beşiktaş" bir neçə dəfə qol vurmağa yaxın olub. Lakin futbolçular bu imkanlardan istifadə edə bilməyiblər. Türkiyə klubu və azarkeşlər artıq qazanılan 3 xal haqqında düşünməyə başladıqları bir vaxtda - 88-ci dəqiqədə oyunun taleyini həll eləyən qol vurulub. "Asteras" hesabı bərabərləşdirib və "Beşiktaş"la 2 xalı bölüb.
"Trabzonspor" isə Ukraynaya səfər edib. "Qara dənizli"lər Xarkovun "Metallist" klubu ilə qarşılaşıblar.
Oyunda hesabı Türkiyə klubu açıb. Konstantın 25-ci dəqiqədə vurduğu qol "Trabzonspor"u hesabda irəli çıxarıb. "Metallist" hesabı 61-ci dəqiqədə bərabərləşdirib.
"Trabzonspor"a qələbə gətirən qol oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə vurulub. Ukraynalıları Papadopoulos məyus edib.
1:2 hesablı qələbə "Trabzonspor"a 3 xal qazandırıb və onu qrup lideri edib.