Poroşenko separatçılarla danışıqlara hazır olduğunu bəyan etdi
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin ərazi bütövlüyü məsələsindən başqa separatçılarla hər şeyi müzakirə etməyə hazır olduğunu bəyan edib. APA TV-nin məlumatına görə, bu barədə ölkə başçısı ABŞ konqresinin palataları ilə birgə iclasdan sonra deyib. Bəyanatda bildirilir: "Mən separatçılara Ukraynanın istənilən bölgəsinin malik olduğundan çox hüquq təklif edə bilərəm".
Ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib. Görüşdə Ukrayna prezidenti Donbasda vəziyyətin tənzimlənməsi ilə bağlı Minsk görüşünün ardını gözlədiyini bildirib. "20 günlük atəşkəs rejimi davamlı sülhə çevrilməlidir" - deyə o qeyd edib.
Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində vəziyyətin düzəlməsinin yeganə yolu atəşkəsin elan olunması, əsirlərin azad olunması, Rusiya qoşunlarının çıxarılması, sərhədlərin nəzarətə götürülməsi və silah tədarükünün qarşısının alınmasıdır.
Bu arada BMT Donbasdan olan qaçqınların sayını açıqlayıb. BMT baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviçin sözlərinə görə, BMT ölkə daxilində 250 məcburi köçkün və 200 qaçqın qeydə alıb. Lakin o, real rəqəmlərin daha çox olduğunu bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko isə mütəmadi olaraq öz "facebook" səhifəsində əsrlikdən azad edilmiş şəxslərin adlarını açıqlayır. Onun sözlərinə görə, ötən gün 3 kəşfiyyatçı-zabit azad edilib.
Xatırladaq ki, sentyabrın 5-də Minskdə keçirilən görüşdən sonra Donbasda atəşkəsin əldə olunması barədə protokol imzalanıb. Protokolda həmçinin hərbi əsirlərin azad edilməsi də nəzərdə tutulur.
Əsirləri Azadetmə Mərkəzinin son məlumatına görə, Donbasda separatçıların əlində 853 əsir var.