"Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Kliniki Tibbi Mərkəzdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının nümayəndələri iştirak edib.  

 

FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, tədbirdə məqsəd fövqəladə hallar zamanı  baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, fövqəladə hallar zamanı həkimlər özləri ilə yanaşı, xəstələrin də həyatını xilas etməlidirlər. Bu istiqamətdə xəstələri də maarifləndirmək lazımdır.

 

Mərkəzin həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumatlar verilib. Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.

 

Müəllif | Apa.Tv