Lənkəranda ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Lənkəranda bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən  ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 19-da saat 12.00 radələrində Ələt-Astara  magistralının 214-cü  kilometrliyində, yolun rayonun Bürcəli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  Rayonun Bürcəli qəsəbə sakini, 30 yaşlı Elbrus Malıyevin idarə etdiyi “VAZ-2110” markalı minik avtomobili Astara rayon sakini, 24 yaşlı Zaur Rzayevin idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil zədələnib, həmçinin sürücü Elbrus Malıyev və onun idarə etdiyi maşındakı ailə üzvləri-həyat yoldaşı Sərməgül, gəlini, 22 yaşlı Rufanə, nəvəsi, 2 yaşlı  Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanın həkimi Rövşən İmamverdiyev bildirib ki, xəstələr rentgen müayinəsi edilib. Bədənlərində xəsarət izləri var. Onlarda döş qəfəsinin və çanaq nahiyəsinin əzilmələri aşkar olunub. Xəstələrə ilkin yardım göstərilib.

 

İlkin versiya kimi qəzanın  Zaur Malıyevin idarə etdiyi avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv