Salyan sakini: “Həyətdəki siyirmədə nəşə saxlayıram”

Salyan rayon Polis İdarəsinin əməkdaşları külli miqdarda narkotik bitkini məhv ediblər. APA TV-nin xəbərinə görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında rayon sakini, 44 yaşlı Elşən Salahovun külli miqdarda narkotik bitki əkib-becərdiyi və əldə etdiyi məhsulu satdığı məlum olub. Polis əməkdaşları Salahovun yaşadığı həyət evinin ətrafında önləyici tədbirlər görüb, daha sonra evə giriblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Elşən Salahovun yaşadığı evdən narkotik maddə olan tiryək, həşiş qatranı, 1 ədəd elektron tərəzi aşkarlanıb.

 

Elşən Salahov ələ keçdiyini anlayaraq gizli yerlərdə saxladığı narkotik maddənin yerini göstərməyə məcbur qalıb: “Aşağıda, həyətdəki siyirtmədə nəşə var. Yox, elə olan bunlardır”.

 

Həyətyanı sahədəki yardımçı tikiliyə baxış zamanı isə qurudularaq qablaşdırılmış 2 kiloqramdan çox marixuana tapılaraq maddi sübut kimi götürülüb. Polis əməkdaşları həmçinin həyətdən kultivasiya yolu ilə becərilmiş çətənə kolları da aşkarlayıblar. Saxlanılan şəxs narkotik maddələri satış məqsədi ilə əldə edib saxladığını və narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf edib. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Müəllif | Apa.Tv