Prezident İlham Əliyev: "Azərbaycan ərazi bütövlüyünü tam təmin edəcək"
"Gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edəcək". APA TV-nin məlumatına görə, bu sözləri prezidenti İlham Əliyev Azərbaycaanda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında deyib. Dövlət başçısı təəssüflə bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: "Ermənistan tərəfdən beynəlxalq hüquq kobudcasına pozulur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarları var. Münaqişə bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır ".
Həmişə Azərbaycanın yanında olduğu üçün Türkiyə dövlətinə, hökumətinə minnətdarlığını ifadə edən prezidentin sözlərinə görə, Türkiyə hər zaman ədalətli, beynəlxalq hüquq və prinsiplərə uyğun mövqe nümayiş etdirib: "Gələcəkdə beynəlxalq hüquq və normalar çərçivəsində münaqişənin həlli bölgəyə sülh, geniş miqyaslı əməkdaşlıq gətirəcək. Bu gün belə əməkdaşlıq var, ancaq Ermənistan öz işğalçı siyasətinə görə bu cür əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha gözəl imkanlar yaranacaq".
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan torpaqlarının hər kvadrat santimetri azad olunana kimi Türkiyənin Azərbaycanın yanında olacağını bildirib.
Onun sözlərinə görə, bunu beynəlxalq hüquq da diktə edir: "Beynəlxalq hüquq tətbiq edilənə kimi Türkiyə və Azərbaycan çiyin-çiyinə bölgəni sülh bölgəsinə çevirmək üçün çalışacaq. Azərbaycana qarşı yönələ biləcək hər mənfi münasibət Azərbaycanda olduğu kimi, Türkiyədə də eyni reaksiyaya səbəb olacaq".
Baş nazir sabah Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimində iştirak edəcəyini deyərək, bəzi ölkələrin bu iş birliyini anlamadığını təəssüflə vurğulayıb: "Bu baxımdan Qarabağ problemi və Ermənistanın uzlaşmayan mövqeyi davam etdikcə, Ermənistan bu layihələrdən kənarda qalacaq. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılsa, bu çərçivədə sülh bərpa edilsə, bundan digər ölkələr kimi, Ermənistan da istifadə edər”.
Əhməd Davudoğlu iyul ayının sonunda cəbhədə baş verən silahlı insidentləri xatırladaraq, gərginlik zamanı şəhid olan əsgərlərə rəhmət, yaralı hərbçilərə şəfa diləyib.