“FİNCA Azerbaijan” 7 saylı internat məktəbində şənlik təşkil edib
“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı yeni tədris ilinin başlanması münasibətilə Saray qəsəbəsində yerləşən 7 saylı əqli və fiziki əlilliyi olan uşaqlar üçün internat məktəbində şənlik təşkil edib.
Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində uşaq yönümlü layihələrə xüsusi önəm verən “FİNCA Azerbaijan”, UAFA təşkilatının əməkdaşları tərəfindən keçirilən təlimlər əsasında internat məktəbində xüsusi bilik və bacarıqlara yiyələnən uşaqların dərsləri üçün lazımı tədris vəsaitləri və ləvazimatları hədiyyə edilib. Həmçinin onların mətbəx layihəsinin təşkilinə - uşaqların sərbəst olaraq mətbəx vərdişlərinin inkişaf etdirilməsinə köməklik göstərmək məqsədilə 1 aylıq ərzaq və qida məhsulları ilə təmin ediblər.
“FİNCA Azerbaijan”nın ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Gülşən Cumayeva deyib ki, yeni təhsil ilinin başlanması ilə əlaqədar olaraq burada olan uşaqların maariflənməsinə və onların təhsillərinin daha da inkişaf etdirmələrinə müəyyən qədər dəstək göstərməyə çalışırlar: “Əminik ki, Azərbaycanda uşaqlarla bağlı görülən işlər uşaqlarımızın daha sağlam böyüməsinə və daha parlaq gələcəklərinin olmasına köməklik göstərəcək. “FİNCA Azerbaijan” olaraq biz uşaqlarımıza, ehtiyacı olan insanlara, xüsusi qayğıya ehtiyacı olan cəmiyyətimizin bütün üzvlərinə dəstək olmağa hər zaman hazırıq və hər zaman uşaqlarımızın yanındayıq”.
Tədbirdə uşaqlardan ibarət rəqs qrupunun və klounun iştirakı şənliyə xüsusi rəng qatıb, uşaqların sevincinə səbəb oluB.
Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən etibarən fəaliyyət göstərən “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ölkənin bütün regionlarını əhatə edən 65 filialı vasitəsilə 155.000 nəfərdən çox müştəriyə - kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərməklə, onların öz bizneslərini inkişaf etdirməsinə özlərinin və ailələrinin maddi vəziyyətlərini yaxşılaşdırmalarına köməklik göstərir.