Üstü açıq şaxtalar, geyim otaqları, dəbilqəsiz və kəmərsiz işlədilən fəhlələr... - REYD

Dövlət Əmək Müfəttişliyi Xidməti bir sıra tikinti obyektlərində əmək qanunvericiliyinin pozulmasına dair faktlar aşkarlayıb. APA TV-nin xəbərinə görə, “Təhlükəsiz iş həftəsi” çərçivəsində sentyabrın 19-da növbəti yoxlamalar aparılıb. Xidmət əməkdaşlarının ilk yoxlama apardığı obyekt “Qaraçay”MMC olub. Yoxlamalar zamanı həmin tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar.

 

Tikintidə işləyən fəhlələr işə yeni başladıqlarını, bu səbəbdən paltarlarını hələ dəyişmədiklərini deyiblər.

 

Tikinti materiallarının çox olduğu ərazidə fəhlələrin təhlükəzlik qaydalarına riayət etməməsi hər an onların xəsarət alması ilə nəticələnə bilər. Fəhlələrin xüsusi geyim otağı olmadığından, onlar paltarlarını açıq havada dəyişirlər.  

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin  baş əmək müffətişi Əlfida Mehdiyev deyib ki, şaxtaların hamısında işçilərin təhlükəsizliyi təmin olunmalıdır: "Amma burda nəzərdə tutulmayıb. Çəpərləməni bütün mərtəbələrdə aparmayıblar. Bədbəxt hadisələrin baş verməsinə münbit şərait yaradan hallardan biri budur. Şaxtaların ağzı açıqdır".

 

Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkarlanıb.

 

İş icraçısı Fərrux Safayev çatışmazlıqların olduğunu deyib və qısa zamanda bu problemin aradan qaldırlacağını bildirib.

 

Növbəti  ünvan isə "Alpina” MMC-yə məxsus tikinti obyekti olub. Burada da analoji problemlər üzə çıxıb.

 

Fəhlələrin bəziləri  kaska, təhlükəsizlik kəməri  və digər geyimlərlə təmin olunduqlarını desə də, bəziləri onlara heç nə verilmədiyini bildirib.

 

Hüquq pozuntuları ilə əlaqədar Əmək Məcəlləsinə uyğun olaraq tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol da tərtib edilib.

 

Fuad Əlizadə indiyədək bir neçə obyektdə yoxlama aparıldığını diqqətə çatdırıb: "Biz artıq 12 tikinti  şirkətində işləri dayandırmışıq. O cümlədən siz ikisinin şahidi oldunuz. İşçilərinin sağlamlığı və  həyatı üçün təhlükə olan yerlərdə işi məhdudlaşdırırıq. Digər yerlərdə isə məcbur olan göstəriş veririk və işlər təmin olunandan sonra onların işlərinə artıq icazə verilir. 11 şirkətə artıq 16 min manat cərimə tətbiq etmişik. Bu iki şirkət qarşı 1000-2000 min manat arasında cərimələnəcək".

 

Sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilməsi ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına yönəlib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova