Əhməd Davudoğlu: "Türkiyə və Azərbaycan üçün müdafiə sənayesi strateji sektordur"

“Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bizim xalqlar qardaş xalqlardır, biz əsrlər boyu bir-birimizin yanında olmuşuq. Bu gün biz iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq". 

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra mətbuata verdiyi bəyanatında deyib.

 

Dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi əlaqələr gündən-günə inkişaf edir. O xatırladıb ki, bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə olub: "Mənim də prezident seçkilərindən sonra ilk rəsmi səfərim Türkiyə olub. Bu, əslində əlaqələrimizin səviyyəsini rəsmi şəkildə göstərir. Bu gün ölkələrimiz eyni zamanda iqtisadi sahədə uğurla əməkdaşlıq edir. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə qoymaqla həm öz maraqlarını təmin edir, həm də bir-birini daha da gücləndirir. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin miqdarı 20 milyard dollara yaxındır. Eyni zamanda Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz Türkiyənin "Şahdəniz" qaz yatağındakı və TANAP-dakı payının artırılmasını böyük məmnuniyyət hissi ilə qəbul edirik".

 

Prezident qeyd edib ki, enerji sahəsində əlaqələr nəinki iki ölkə üçün, bölgə və dünya üçün də böyük önəm daşıyır. O, sabah Azərbaycanda Cənub Qaz Dəhlizinin tikintisi başlaması ilə bağlı tədbir keçirəcəyini xatırladaq bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycanın rolunun xüsusi əhəmiyyət daşıdığını bildirib.

 

Dövlət başçısı deyib ki, enerji sahəsində “Trans Anadolu”, “Şahdəniz-2” və digər layihələrin uğurla icrası nəticəsində bölgədə yeni şərait yaranacaq. Türkiyənin baş naziri Əhməd Davudoğlu iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, son illər ərzində Orta Şərqə, Qafqaza, Balkanlara, hətta Avrasiyaya baxılsa, ən uğurlu layihələrə Azərbaycan və Türkiyə imza atıb: "Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qafqazı Aralıq dənizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qafqazı Anadoluya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Mərmərə layihəsi həyata keçirildiyi halda isə Pekini Londona bağlayırıq. TANAP layihəsi və Cənubi Qaz dəhlizi ilə də Anadolu vasitəsilə Qafqazı Balkanlara bağlayacağıq. 1990-cı illərdə Qafqaz və Balkan gərgin, mənfi hadisələrlə anılıb. İndi Azərbaycanla Türkiyənin uğur hekayələri olaraq, Qafqaz və Balkanları sülh bölgələri olaraq bir-birinə bağlayacağıq”.

 

Ə. Davudoğlu Anadolu coğrafiyasının Xəzər dənizi ilə Adriatik dənizi arasında keçid coğrafiyası olacağını vurğulayıb: “Əgər Azərbaycanda bu qüdrət, xalqın gələcəyini düşünən liderlik olmasaydı, hər iki ölkənin qüdrəti olmasaydı, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” kəlməsi kağız üzərində qalardı. Amma indi sözün əsl mənasında qüdrətli Azərbaycanla qüdrətli Türkiyə ilə birləşəndə, bütünləşəndə, əl-ələ, çiyin-çiyinə olanda qazanan təkcə Türkiyə və Azərbaycan olmur.

 

Qarşıdakı illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətində olduqlarını qeyd edən Türkiyənin baş naziri bildirib ki, Türkiyə və Azərbaycan üçün müdafiə sənayesi xüsusilə strateji sektordur.

 

Müəllif | Apa.Tv