Azərbaycanda yeni teatr mövsümünün açılışı olub
Lənkəranda teatr mövsümü başlayıb. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı sentyabrın 19-da xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyası ilə özünün 124-cü mövsümünə başlayıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, görkəmli ədibin 100 illik yubileyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru əməkdar artist Adil Zeynalov, rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Tariyeqızıdır.
Tamaşaçıların böyük maraqla izlədikləri bu səhnə əsərində rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı səhnə ustalarından Zemfira Nəcəfova, Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Hikmət Cəfərov, gənc aktyorlar Səyad Əliyev, Emin Fərzullayev və digərləri ifa ediblər.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Şəkidə isə birinci Beynəlxalq teatr festival başa çatıb. APA TV-nin məlumatına görə, Festivalın bağlanış günü görkəmli gülüş ustası, Xalq artisti Lütfəli Abdullayevin büstünün açılış mərasimi və 100 illik yubiley tədbiri keçirilib. Yubiley tədbiri Şəki şəhərində Lütfəli Abdullayevin adını daşıyan küçənin başlanğıcında görkəmli gülüş ustasının büstünün açılışı ilə başlanıb. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq teatr festivalı çərçivəsində Azərbaycan mədəniyyətinə, mənəviyyatına, Azərbaycan teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət etmiş, kinomuzun inkişafına böyük töhfələr vermiş Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi böyük bir töhfədir. Görkəmli sənətkarın qızı Xurşud Abdullayeva bu günün onun üçün ən əziz günlərdən biri olduğunu vurğulayıb, yubiley tədbirlərinin keçirilməsinə görə minnətdarlığını bildirib. Dahi gülüş ustasının digər bir qızı Gülnarə Lütfəliqızı isə bu günü səbrsizliklər gözlədiklərini bildirib.
Sonra yubiley tədbiri Şəki Dövlət Dram teatrında davam etdirilib.