Dünyanın 14 ölkəsini təmsil edən gənc Füzulidə toplandı
Füzulidə 21 sentyabr "Beynəlxalq Sülh Günü" münasibətilə forum keçirilib. Forumda 14 ölkə - o cümlədən Azərbaycan da iştirak edib. Gənclər köçkün orta məktəb şagirdləri və köçkün qəsəbələrinin sakinləri ilə görüşüblər. APA TV-nin məlumatına görə, Finlandiya, Rumıniya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çexiya, Niderland, Ukrayna, Türkiyə, Böyük Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucusu, ekspertlər, xarici ölkələrdəki QHT-lərin nümayəndələrinin iştirak etdiyi qrup cəbhə xəttində yerləşən Alxanlı kəndində də olublar. Qonaqlar buradakı həyat tərzi ilə maraqlanıb, müharibə vaxtı ermənilər tərəfindən dağıdılan infrastruktura, yandırılan evlərə baxıblar. Türkiyə və Avropa ölkələri üzrə gənclərlə iş sahəsində ekspert Berat Ezen deyib ki, onların məqsədi Qarabağ müharibəsi haqqında həqiqətləri dünyaya çatdırmaqdan ibarətdir.
"Həm Orta Şərq və Qafqazda, həm də Ukraynadakı problemlər daima gündəmdədir. Bu qədər münaqişələr sırasında Qarabağ münaqişəsi sanki geridə qalmış kimi görünür. Amma bu belə deyil. Bu problem əslində gündəmdə olmamalı, tez həll olunmalıdır. Özü də Dağlıq Qarabağ münaqişəsi həlli variantı tapılıb və tövsiyə edilib”.
Avropalı gənclər bölgəyə səfərlərini başa vurduqdan sonra Bakıda keçiriləcək forumda iştirak edəcəklər. Xarici qonaqlar bildiriblər ki, Səfər zamanı gözlədiklərindən də çox məlumat əldə edə biliblər.