İdman Dırmanması üzrə Azərbaycan çempionatı başladı
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatına start verilib. APA TV-nin məlumatına görə, çempionatın keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev idmançıları salamlayaraq Azərbaycanın dünya idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: "Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası olaraq bu cür idman növlərini vaxtaşırı keçirməklə biz gənclərin pis vərdişlərdən uzaqlaşdırıb sağlam həyat tərzinə cəlb etmiş oluruq".
Gənclər İdman Nazirliyi tərəsindən təsdiq olunmuş qaydalar üzrə keçirilən çempionatda 140-a yaxın idmançı iştirak edir. 3 mərhələdə keçirilən yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayırlar.
Yarışın qaydalarına gəlincə, çempionatın baş hakimi Nizami Mursaqulov deyir ki, yarışlar təsnifat. yarımfinal, final mərhələlərində keçiriləcək: "Ən az vaxtda çıxan insan qalib gəlir. Boldirinqdə mənfi bucaq altında çıxmaq lazımdır. Bunun üçün güclü fiziki hazırlıq lazımdır və əsasən də elastik olmaq lazımdır. Bizdə buna çalışırıq ki, bizim gənclərimiz həm elastik, həm də güclü olsunlar".
. Yarışın iştirakçısı Valid Bayramov çempionatda iştirakın onun üçün nisbətən asan olduğunu deyir: "İlk marşrutlar mənə asan gəlir, çünki 3 ildir yarışlarda iştirak edirəm. Dünya çempionatının iştirakçısıyam. O səbəbdən hələlik asandır. İnşallah, qalib olaram".
Çempionatda oğlanlarla yanaşı qızlarda gücünü sınayır. Aysel Sultanova artıq iki ildir bu idman növü ilə məşğul olur: “Əvvəl həvəskar kimi başlasam da, daha sonra peşəkar idmançı oldum. Ötən il respublika çempionu oldum. İnanıram ki, bu ildə bu uğur təkrarlanacaq".
Sima Səfərova da 3 ildir ekstremal idman növü ilə məşğuldur: “Deməzdim ki, bu idman yalnız oğlanlar üçündür. Xeyr, dünyada artıq bu idmanda oğlanlardan daha çox qızlar yarışır. İnanıram ki qələbə çalacağam".
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olur.