Şəmistan Əlizamanlı: “Səfiyar Behbudov yandırılan zaman da “Azərbaycan” qışqırırdı”

"Ağır yaralanıb. Yaralı vəziyyətdə də əsir götürülüb. Ona çox işgəncələr verilib. O mətanətlə dözüb. Azərbaycanın əleyhinə heç bir ifadə ala bilməyiblər. Sonda da erməni bayrağına tüpürdüyü üçün məftillə bağlayıb, benzin töküb diri-diri yandırıblar. O yandırılanda da "Azərbaycan" deyə bağırıb".

Bu fikirləri Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun həyat və döyüş yolundan bəhs edən filmin təqdimat mərasimində qəhrəman haqqında danışarkən bildirib. APA TV-nin məlumatına görə, təqdim olunan film 33 dəqiqədir. Filmdə Səfiyar Behbudovun uşaqlığı, məktəb illəri, Qarabağ müharibəsinə qədərki və müharibə həyatı canlandırılıb. Layihənin rəhbəri Şəmistan Əlizamanlı, filmin ssenari müəllifi və rejissoru İlham Tumasdır. Təqdimatda filmə baxış keçirilib, daha sonra müzakirələr aparılıb. Səfiyar Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. Qarabağda gedən döyüşlərdə iştirak edir. Qəhrəmanlıqlar göstərir. Qaraqaya deyilən yerdə yaralanaraq ağır vəziyyətdə düşmənə əsir düşür. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan, düşmənə heç bir sirr verməyən mərd döyüşçümüzün ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam rayon Milis şöbəsinin köməkliyi ilə almaq olur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı