AYB Gəncə bölməsinə yeni sədr seçilib
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Gəncə Dövlət Universitetində təşkil edilən tədbirdə AYB-nin Gəncə bölməsinin sədri ədəbi ictimaiyyətə təqdim olunub. Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub. Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şairə Xəzangül Hüseynovanın Gəncədə, o cümlədən respublikada tanınıb sevildiyini, Gəncə ədəbi mühitinin də Xəzangül xanımı qəbul etməyə hazır olduğunu bildirib.
“Yazıçılar Birliyi elə təşkilatlardandır ki, onun nüfuzu orda çalışan insanların tanınmağından və nüfuzundan asılıdır. Xəzangül xanım da elə insanlardandır. Şairə uzun illərdir ki, Gəncə və Azərbaycan miqyasında tanınıb. Xaricdə və Azərbaycanda çoxlu əsərləri çap olunub. Xəzangül xanım indiki dönəmdə Gəncə ədəbiyyatını Azərbaycan miqyasında dünya miqyasında təmsil edə biləcək ən uğurlu simalardandır”.
Yeni seçilən sədr Xəzangül Hüseynova onun üzərinə çox böyük bir məsuliyyətin düşdüyünü və bu işin öhdəsindən layiqincə gəlməyə çalışacağını bildirib. Şairə Gəncə ədəbi mühitinin daima şöhrətli olduğunu və bu şöhrətin qaytarıl¬¬¬masına çalışacağını bildirib.
Sinxron - Xəzangül Hüseynova – Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri
“Mənim üzərimə çox böyük məsuliyyət düşüb. Çünki, tarix boyu Gəncə ədəbi mühiti çox şöhrətli olub. Nizami Gəncəvidən, Məhsəti Gəncəvidən bəri. Mən istəyərəm ki, həmin tarixi şöhrət geri qayıtsın. Bunun da çox böyük məsuliyyəti var. Çalışacağam ki, bu həyata keçsin. Gəncə ədəbi mühitində olan yazarlar, şairlər müştərək çalışmaqla yəqin ki buna nail olacağıq”.
Tədbirdə çıxış Gəncə ədəbi mühitinin yazarları seçimin düzgün olduğunu, şairə Xəzangül Hüseynovanın AYB-nin Gəncə bölməsini layiqincə təmsil edəcəyini bildiriblər.
Xatırladaq ki, şairə Xəzangül Hüseynova Azərbaycan və Avrasiya Yazıçılar Birliyinin üzvüdür. Onun Azərbaycanda və xaricdə 9 kitabı işıq üçü görüb. “Məhəbbətin qənimi” pyesi Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.
Qeyd edək ki, bu ilin avqustun 29-da AYB-nin Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. Məmməd Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.