Şamaxıda yük maşını "Mercedes"i əzdi: 4 ölü

Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Şəki sakini, 48 yaşlı İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 sərnişin - Şəki sakinləri, 33 yaşlı Məmmədov Elçin Rasim oğlu, 41 yaşlı Hüseynov Elşad Hikmət oğlu və 28 yaşlı Əbdürrəhmanlı Fuad Şahid oğlu aldıqları ağır xəsarətlər nəticəsində ölüb. FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasediciləri xüsusi kəsici alətlər vasitəsilə deformasiyaya uğramış avtomobili kəsərək sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar və Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Hadisədən sonra yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) də qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Ə. İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov