Əfqanıstanın yeni prezidenti məlum oldu

Əfqanıstanın Dövlət Seçki Komissiyası prezident seçkilərinin yekun nəticəsini açıqlayıb. Səsvermənin nətcələrinə görə, ölkənin sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay seçkinin qalibi olub.

 

Komissiyanın rəhbəri Əhməd Yusif Nuristani yeni prezidentin adını açıqlasa da, namizədlərin topladıqları səslər və yetərsayla bağlı heç bir məlumat verməyib.

 

APA TV-nin xəbərinə görə, Dövlət Seçki Komissiyasının açıqlaması prezidentliyə namizədlər Abdulla Abdulla və Əşrəf Qəni Əhmədzay arasında hakimiyyətin bölüşdürülməsi haqqında razılaşmanın əldə olunmasından sonraya təsadüf edib. Namizədlər arasında imzananan sənədə görə, Əhmədzay ölkənin yeni prezidentidir və bir həftə ərzində and içməlidir.

 

Prezident seçkilərinin ikinci turunun ilkin nəticələri iyulun 7-də açıqlanmışdı və Əşrəf Qəni Əhmədzay qalib elan edilmişdi. Lakin onun rəqibi Abdulla Abdulla kütləvi saxtalarlıqların olduğunu bildirmişdi. O, elan olunan nəticələrə baxmayaraq, öz hökumətini formalaşdıracağını bəyan etmişdi. İyulun sonunda 8,1 milyon bülletenin sayılması prosesi yarımçıq saxlanılmışdı. Buna namizədlər arasında səslərin etibarsızlığı ilə bağlı narazılıq səbəb olmuşdu.

 

Lakin Dövlət Seçki Komissiyasının sədri Əhməd Yusif Nuristanı bəyan etmişdi ki, namizədlər arasında razılıq əldə olunub-olunmamasından asılı olmayaraq, səslərin yenidən sayılmasının nəticələri elan ediləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv