Şəkidə toydan qayıdan mikroavtobus aşıb, 21 nəfər yaralanıb

Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 01:30 radələrində Şəki-Qax yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki şəhər sakini, 1954-cü il təvəllüdlü İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes-bens 410” markalı, 55 BO 926 dövlət nömrə nişanlı mikroavtobusla Şəki şəhəri istiqamətində hərəkətdə olarkən əvvəlcə qarşısına çıxan iki atı vurub. Hər iki at tələf olub. Atları vurduqdan sonra sürücü idarəetməsini itirərək mikroavtobusu yolun kənarına aşırıb. Qəza nəticəsində İlham Ramazanov və mikroavtobusda olan 21 nəfər sərnişin, Şəki rayonu Baltalı kənd sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəstəxanaya daxil olan yaralılardan 4 nəfər - Sədayə Əhmədova, Şakir Cəfərov, Ehtiram Əhmədov və Vüsal Paşayevin xəsarətləri ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 18 nəfərin isə xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda bildirilir ki, yol qəzasına düşənlər rayonun Baltalı kəndində bir nəsildəndirlər. Onlar Balakən rayonunda yaşayan qohumlarının toy məclisindən qayıdırlarmış. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Müəllif | Apa.Tv
Vüqar Heydərov