Suriyalı qaçqınlar türk sərhədçiləri daşqalaq ediblər

Son üç gündə 100 min qaçqının keçdiyi Suriya-Türkiyə sərhədində gərginlik davam edir. APA TV-nin xəbərinə görə, əsasən Suriya kürdlərindən ibarət qaçqınlar "İraq Şam İslam Dövləti" terror təşkilatının zülmündən qurtulmaq üçün Türkiyəyə sığınırlar.

 

Cümə günü Türkiyə hökuməti sərhəddə humanitar dəhliz açsa da, bazar günü sərhədi müvəqqəti bağlamaq məcburiyyətində qalıb. Çünki nəzarət məntəqləri qaçqın kütlələrini buraxmağı çatdırmır.

 

Digər tərəfdən, Türkiyədən Suriya ərazisinə də keçən qruplar olub. Ehtimala görə, onlar ya suriyalı qaçqınlara yardım etməyə çalışanlar və ya Suriyadakı döyüşlərə qoşulmaq istəyən könüllülərdir.

 

Sərhəd bağlandığından suriyalı qaçqınlar sərhədçiləri daşqalaq ediblər. Təhlüksizlik qüvvələri onları sərhəddən gözyaşardıcı qazdan istifadə etməklə uzaqlaşdırıblar.

 

Suriyanın Türkiyə sərhədindəki kəndləri isə atəş altındadır. İŞİD ələ keçirə bilmədiyi kəndlərə təzyiqləri artırıb, kürd könüllülər isə müqavimət göstərirlər. Amma qüvvələr bərabər deyil. İŞİD Mosuldakı hərbi bazalardan əldə etdiyi tanklardan və artilleriyadan istifadə edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv