Ərdoğan Türkiyənin İŞİD-ə pul verdiyi barədə iddiaları cavablandırıb
Türkiyənin Mosuldakı baş konsulluğunun "İraq Şam İslam Dövləti" terror təşkilatı tərəfindən girov götürülən 49 əməkdaşı azad edilsə də, bu əməliyyatın "pərdəarxası" məqamları ilə bağlı müzakirələr davam edir. Bəzi kütləvi informasiya vasitələri Türkiyənin girovların azad edilməsi müqabilində İŞİD-ə fidyə verdiyi barədə iddialar ortaya atıb. APA TV-nin xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında bu iddialara münasibət bildirib: "İddiaları irəli sürənlər nəyə əsaslanaraq, bunu iddia edirlər, bilmirəm. Bazarlıq deyəndə nəyi qəsd edirlər, bunu da bilmirəm. Əgər maddi bir bazarlıqdan söhbət gedirsə, belə bir şey qətiyyən mümkün deyil. Amma siyasi nöqtədən, diplomatik bazarlıqdan bəhs edilirsə, təbii ki, siyasi, diplomatik bir bazarlıqdan söhbət gedir. Bu, diplomatiyanın zəfəridir, siyasi bazarlığın nəticəsidir".
İŞİD də türkiyəli diplomatların 101 gün sonra azadlığa buraxılması ilə bağlı açıqlama yayıb. Terror təşkilatının nəzarətində olan media qaynaqları Türkiyədən fidyə alınmadığını və məsələnin danışıqlar yolu ilə həll olunduğunu yazır.
Türkiyəli diplomatların hansı şəraitdə girov götürüldükləri də məlum olub. İŞİD Mosulu ələ keçirərkən xarici ölkələrin şəhəri tərk edə bilməyən diplomatik nümayəndəlikləri kimi Türkiyə konsulluğu da terrorçuların nəzarətinə keçib. Diplomatlarla bərabər türkiyəli sürücülər də girov götürülüb. Bir neçə gün sonra sürücülər azad edilsə də, diplomatlar İŞİD-in girovluğunda qalıblar.
İŞİD 101 gün içərisində 49 girovu ünvanları tez-tez dəyişdirməklə müxtəlif yerlərdə saxlayıb. Girovların yeri azı 9 dəfə dəyişdirilib. Girovlar əvvəlcə Suriyanın Haseki şəhərinə, ordan isə Rəkkaya aparılıblar.
Türkiyə kəşfiyyatı İŞİD-ə təsir imkanı olan ərəb əşirətlərini də danışıqlara cəlb edib. Türkiyə nümayəndə heyəti bir neçə dəfə Suriya ərazisinə keçib və İŞİD təmsilçiləri ilə görüşüb. Bir neçə cəhd nəticəsiz qalsa da, nəhayət, 3 ay sonra razılıq əldə olunub və terrorçular girovları azad etməyə razılaşıblar.