Yəmənin baş naziri istefa verib

Yəmənin baş naziri Məhəmməd Səlim Basindva ölkə paytaxtındakı kütləvi iğtişaşlar fonunda istefa verdiyi açıqlayıb. APA TV-nin xəbərinə görə, o, istefasını prezident Əbd-Rəbbu Mənsur Hadinin siyasətinə etiraz kimi əsaslandırıb.

 

Yəməndə avqustun ortalarından hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Ötən gün aksiya iştirakçıları bir neçə hökumət təşkilatının və dövlət radio stansiyasının binasını ələ keçiriblər. Üç dövlət telekanalının yayımı dayandırılıb. Yüzlərlə sakin paytaxtdakı zorakılıqlar üzündən şəhəri tərk etməli olub. Paytaxt Sənanın dörd rayonunda komendant saatı elan edilib. Son üç gün ərzində Yəmən paytaxtında 20-dən çox adam kütləvi iğtişaşların qurbanı olub.

 

Kütləvi iğtişaşlar üzündən paytaxtın hava limanı, bir neçə məktəb və dövlət müəssisəsi bağlanıb.

 

Aksiya iştirakçıları hökumətin istefası ilə yanaşı aztəminatlı ailələrin yanacaq ala bilməsi üçün subsidiyaların verilməsini də tələb edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv