Rusiyalı pedofil keşiş İsraildə tutulub
Rusiyanın Sankt-Peterburq şəhərindəki kilsələrdən birinin din xadimi İsraildə həbs edilib. Pedofillikdə təqsirləndirilən Qleb Qrazovski bir ildir, İnterpol tərəfindən axtarılırdı. APA TV-nin məlumatına görə, bu barədə "RİA Novosti"yə İsrail DİN-dən məlumat verilib. Sankt-Peterburqlu keşiş İsrailin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. İsrailin hüquq-mühafizə orqanları hadisənin geniş təfərrüatı barədə açıqlama verməyib.
Qleb Qrazovski beynəlxalq axtarışa 2013-cü ilin noyabr ayının əvvəlində verilib. Araşdırmalar zamanı məlum olub ki, keşiş 2013-cü ildə Yunanıstanın Kos adasında yerləşən və rahibələr yetişdirən "Filadelfiya" dini düşərgəsində 9-12 yaşlı qızlara təcavüz edib. Bu iddialardan sonra Qrazovski barəsində axtarış qərarı verilib. Həmin vaxt keşiş İsraildə olub və bildirib ki, Rusiyaya yalnız Tanrıdan xeyir-dua aldıqdan sonra qayıdacaq.