Ukraynada irimiqyaslı əməliyyatlar yenidən başladı
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. APA TV-nin məlumatına görə, hökumət qüvvələri ilə separatçılar arasında yenidən irimiqyaslı döyüşlər başlayıb. Donetsk vilayətinin Qranitnoye kəndi yaxınlığında antiterrorçular tərəfindən irikalibrli silahlarla təchiz olunmuş dəstə məhv edilib. Separatçılar tank və minomyotlardan Donetsk aeroportunu və hökumət qüvvələrinin postlarını atəşə tutduqdan sonra, onların zərərsizləşdirilməsi üçün əməliyyata start verilib.
Separatçılar Novoazovsk şəhərində də mövqelərini gücləndirirlər. Şəhər çoxlu sayda ağır zirehli texnikanın gətirildiyi bildirilir. Hökumət qüvvələrinin kəşfiyyat qrupu Mariupol yaxınlarında separatçıların üç tankını sıradan çıxarıb. Ukrayna prezidenti Pyotr Poroşenko müharibə nəticəsində zərər görmüş bölgələrə yardım edilməsi məsələsindən danışıb. O bildirib ki, büdcədən yalnız Ukrayna bayraqlarının qaldırıldığı ərazilərə maliyyə vəsaiti ayrılacaq.