"Kia" yük maşını ilə toqquşdu, 21 yaşlı sürücü öldü
Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Sabirabad rayonu, Qaragüney kəndi ərazisində Hacıqabul-Bəhrəmtəpə avtomagistralının 13-cü kilometrliyində qeydə alınıb. "QAZel" markalı, 85 BM 158 dövlət nömrə nişanlı yük avtomobili ilə "KİA" markalı 90 UB 718 dövlət nömrəli minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 21 yaşlı Faiq Ədalət oğlu Qarayev hadisə yerində ölüb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində F.Qarayevin cəsədi sıxılmış vəziyyətdə qalıb. Onun cəsədi təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.