Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı bağlandı!
Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il tarixli 13 iyun tarixli fərmanda edilmiş dəyişikliklərə müvafiq olaraq, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilib və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Müəllimlər İnstitutunda ciddi qanun pozuntuları aşkarlanıb. Təhsil Nazirliyinin ötən il İnstitutun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyənləşib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkarlanıb.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və toplanmış materiallar Baş Prokurorluğa göndərilib.