Rayonlarda leysan və sel gözlənilir
Sentyabr ayının 21-i axşamdan 22-i səhərədək ölkə ərazisində qeyri sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə yağışın intensivləşməsi müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA TV-yə verdiyi məlumata görə, ən çox yağış Dəmiraparan çay Qəbələ məntəqəsində qeydə alınıb. Yağışlarla əlaqədar respublikasının əksər çaylarında suyun səviyyəsində artım qeydə alınıb: "Transsərhəd çayları olan Kür-Qanıx və Arza çaylarında, eyni zamanda Lənkəran-Astara bölgəsi və Böyük Qafqazın cənub yamacı çaylarıdan suyun səviyyəsində artım qeydə alınıb. Yağıntının leysan xarakterli yağması ilə əlaqədar Qəbələ rayonu ərazisində axan Dəmiraparan çayda və Bunçayda qısa müddətli daşqın və sel keçməsi müşahidə olunub. Vizual müşahidələrə əsasən, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağması da qeydə alınıb".
Sentyabrın 23-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buldulu və tutqun olacağı gözlənilir. Yarmadaının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Bölgələrdə də gecə və səhər qısamüddətli yağış yağacağı gözlənilir. Bakıda 23-28 dərəcə isti gözlənilir. Aran rayonlarında havanın temperaturu 27-32 dərəcə, dağlıq rayonlarda 16-21 dərəcə isti olacaq: "Sentyabr ayının 24-ü axşamdan 26-dək rayonlarda hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda yağışın güclü olacağı ehtimalı var. Gözlənilən bu yağışlarla əlaqədar bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".
Bakı və Abşeron yarımadasında sentyabrın 23-ü axşamdan başlayaraq, 24-ü gündüzədək cənub-qərb küləyinin güclənəcəyi, 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir: "Sentyabrın 25-də yağış yağacağı ehtimal olunur. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enərək gündüz saatlarında 20-23 dərəcə isti təşkil edəcək".
Sentyabrın 25-i gündüzədək güclü külək əsəcək. Şimal-qərb küləyinin bu müddətdə arabir güclənəcəyi gözlənilir.