4500 yaşlı sirli alət - "Hilli" tütəyi
Lənkəranda "Hilli" adlanan məşhur bir tütək var. Əkin sahəsindən tapılan bu musiqi alətinin 4500 illik yaşı olduğu müəyyənləşdirilib. Bunu rayona gələn xarici mütəxəssislərdən ibarət komissiya müəyyən edib. Qeyri-adi görünüşə malik bu musiqi aləti 15 il öncə rayonun Səpnəkəran kəndindəki çəltik sahəsindən tapılıb. Onu kənd sakini Camal Həmzəyev qazıntı apararkən torpağın 1 metr dərinliyində aşkar edib. Yaşlı sakinlərlə məsləhətləşdikdən sonra tapıntını cənub bölgəsində nəfəs alətlərinin məşhur ifaçısı kimi tanınan Surxay Əliyevə veriblər.
Surxay Əliyev APA TV-nin əməkdaşına deyib ki, bu əşya gəlininin atasına verilən pay torpağından tapılıb. Həmin yerdə olan təpələrin aşağı hissəsindən, bir metrə dərinlikdən aşkarlanıb.
Hilli adlanan bu möcüzəli musiqi alətinin sorağı tezliklə hər yerə səs salır. Surxay kişi Lənkəran Dövlət Universitetinin “Alimlər evi”nə dəvət olunur. Xaricdən gələn 9 nəfər mütəxəssis aləti müayinə etdikdən sonra onun haqqında müxtəlif rəylər irəli sürülür. Alimlərin qənaətinə görə, qədim tütəyin 4500 il yaşı var. Tütək bişmiş gildən hazırlanıb və 3-4 santimetr uzunluğundadır. Görünür ki, tarixin sonrakı dövrlərində daha təkmil musiqi alətləri meydana gəldikdən sonra Hilli sıradan çıxıb: "15 ildir, tapılıb. Buna çoxlu rəy verdilər. 4500 il tarixi olar dedilər. Mən deyə bilmərəm. Mən desəm, yalan olar. Onlar dedilər ki, bu, icma quruluşuna aid olan əşyadır".
Surxay kişinin fikrincə, qədim dövrlərdə insanlar tayfalararası vuruşmalarda bu alət vasitəsi ilə düşmənin gəlişini siqnal kimi bir-birinə çatdırıblar. Hilli ilə meşədəki quşların səsinə oxşar səslər çıxarmaq mümkündür. Elə buna görə də bu aləti icad ediblər.
Səksən dörd yaşlı Surxay kişi gil tütəkdə xalq mahnılarını, el havalarını məharətlə ifa etməyi bacarır. O, bu unikal tapıntının yeganə ifaçısıdır. Ömrünün 70 ilini qara zurna, klarnet, balaban kimi nəfəs alətləri çalmağa həsr edən sənətkar dəfələrlə beynəlxalq müsabiqələrin iştirakçısı olub. Hilli isə ona çoxlu uğur qazandırıb. Hətta Polşada keçirilən Beynəlxalq folklor festivalında iştirak edən Surxay Əliyev gil tütəklə ifasına görə yüksək mükafata layiq görülüb. Aləti həmişə cibində gəzdirən sənətkar onun sirrini oğlu Şəmsəddinə və nəvəsi Layiqə də öyrədib.