Ağstafada leysan 100 evə ziyan vurub

Ağstafada güclü leysan olub. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə qərb bölgəsinə yağan güclü yağış gecə saatlarında Ağstafa rayonunda leysana çevrilib. Sel suları dağdan axaraq rayonun Dağ Kəsəmən kəndində bir sıra fəsadlar yaradıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun bildirdiyinə görə, sel suları 100-ə yaxın evə ziyan vurub. Həyətyanı sahələri su basıb, evlərin zirzəmilərinə su dolub. Leysan kənd sakinlərindən birinə məxsus “QAZ 24” markalı avtomobili yaşayış yerindən təxminən 400 metr uzaqlıqdakı yeraltı keçidə aparıb. Bundan başqa, bəzi sakinlərinin evləri lil və palcıqla dolub. Kənd sakinləri hər il avqust ayından başlayaraq, bu vəziyyətin yarandığını bildirirlər.

 

Ramiz Tatarovun bildirib ki, artıq Dağ Kəsəmən kəndində selin yaratdığı fəsadlar aradan qaldırılır. Ərazi polis tərəfindən nəzarətə götürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv