Azərbaycan prezidenti İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev dövləti başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib. Tanışlıqdan sonra prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra ölkə başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib, RİH-in inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib.
Daha sonra prezident İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub.
*****
İsmayıllı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev Qəbələyə gedib. Dövlət başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.
Əvvəlcə prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edb, sonra “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qəbələyə səfəri çərçivəsində prezident İlham Əliyev Gilan-Qida Şəhərciyinə gedib. Dövlət başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.
Sonra Prezident İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb.
X X X
Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışına da qatılıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.
Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib.
Daha sonra dövlət başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib.