Yazıçı Ələviyyə Babayeva vəfat edib

Yazıçı Ələviyyə Babayeva dünyasını dəyişib. Yazıçının ailəsindən APA TV-yə verilən məlumata görə, Ələviyyə Babayeva bu gün səhər saatlarında vəfat edib.

Yazıçı 1921-ci il avqustun 12-də Bakıda anadan olub.  Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. O, XX əsr rus ədəbiyyatından tərcümələr də edib. "Azərbaycan qadını" jurnalında məsul katib (1951-1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor (1976-1985) olub. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub. Ələviyyə Babayeva “Adamlar və talelər”, “Səni axtarıram”, “Əlvida”, “Rəngbərəng yuxular” kitablarının müəllifidir. Ələviyyə Babayeva ilə vida mərasimi bu gün evində keçiriləcək. O, Yasamal qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib.

 

Müəllif | Apa.Tv
Apa.tv