Bundestaq üzvünün adı Azərbaycanın “qara siyahı”sına daxil edilib
Almaniya Bundestaqının üzvü, Xristian-Demokrat Partiyasından olan deputat Manfrend Qrund Azərbaycanın “qara siyahı”sına daxil edilib. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev APA-ya bildirib ki, bu yaxınlarda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Bakıdan icazəsiz səfər edən və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə görüşlər keçirən Manfrend Qrund Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına hörmətsizlik edib: SITAT“Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə dövlətin icazəsi və razılığı olmadan səfər edən şəxslərin adı avtomatik olaraq, Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına düşür. Rəsmi Bakı bir daha vurğulayır ki, Ermənistan hərbi birləşmələrinin işğalı altında olan ərazilərə Azərbaycan hökuməti ilə razılaşdırmadan səfər etmək beynəlxalq hüquqa ziddir”.
Azərbaycan XİN-in sözçüsü bu işlə ölkənin Almaniyadakı səfirliyinin məşğul olduğunu bildirib.