Baş pediatr: "Yayılan xəstəliklər fəsil dəyişməsi ilə əlaqədardır"
"Hazırda Azərbaycanda uşaqlar arasında kəskin respirator infeksiyaların, eyni zamanda "adino" adlı virusun yayılması barədə deyilənlər həqiqətə uyğun deyil".
Bunu APA TV-yə Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib. Onun sözlərinə görə, dünyanın hər yerində mövsümlər dəyişəndə uşaqlar arasında soyuqdəymə adlandırılan xəstəliklərə daha tez-tez rast gəlinir: "Əslində bu xəstəliklər fəsil dəyişməsi nəticəsində yaranır, ümumi soyuqdəymədir. Bu da havaların qəflətən dəyişməsi, tempraturun 5-10 dərəcə düşməsi ilə meydana gəlir. İkinci böyük faktor ondan ibarətdir ki, uşaqlar daha çox bu fəslin başlanğıcında bağçaya, məktəbə üz tuturlar. Uşaqların bir-biri ilə təması sıxlaşır. Ona görə də soyuqdəymə xəstəliyinə, xüsusilə də vürus mənşəli infeksiyalara meyllilik artmış olur".
Baş pediatr hazırda Azərbaycanın bütün bölgələrində və Bakıda uşaqların icbari dispanserizasiyası ilə bağlı kütləvi tibbi müayinələri həyata keçirildiyini deyib. O, bu xəstəliklərin ən az 1 həftə davam etdiyini vurğulayıb. Uşaqları xəstəlik, virus mənbəyi olan yerlərdən uzaqlaşdırmağı tövsiyə edən Nəsib Quliyev qrip əleyhinə peyvəndlərdən istifadə məsələsinə də toxunub: "Bəzi valideynlər uşaqlarını peyvənd etməkdən yayındırırlar. Amma "İcbari dispanzerizasiya" haqqında qəbul olunmuş qanunda bu məsələdə öz əksini tapıb. Uşağını peyvənddən yayındıran validenylərə cərimə də nəzərdə tutulub".
Nəsib Quliyev vurğulayıb ki, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır. Bəzi valideynlərin kəskin respirator virus xəstəliyinə yoluxmuş uşaqları özbaşına müalicə etdiyini xatırladan baş pediatr bunun bəzən dəhşətli fəsadları olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, belə hallarda ağır meningitlər, pnevmoniyalar baş verə, əsəb sistemi zədələnə bilər.