Azərbaycan Ordusu iki əsgərini itirib

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri ermənilərin açdığı atəş nəticəsində şəhid olub. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu gün saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar. Döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub.

Azərbaycan Silahlı Qüvvələri bu gün daha bir itki verib. Bu gün saat 13.20 radələrində Silahlı Qüvvələrimizin 1996-cı il təvəllüdlü,Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərlərimizin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
 

Müəllif | Apa.Tv
Apa.tv