Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə getdi
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu yola düşüb. APA TV-nin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk zəvvar qrupunun yola salınma mərasimi olub.
İlk reys bir təyyarədən ibarətdir. Növbəti qruplar isə bu gün saat 15:10-da yola düşəcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Həmişə olduğu kimi, bu il də Məkkə və Mədinədə bina və hotellər icarəyə götürülüb. Zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Gediş mərhələləri 23-28 sentyabr hər gün, qayıdış isə 11-15 oktyabr tarixlərinə hər gün olaraq nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar Həccə avtobuslarla səfər edə bilməyəcəklər. Təklif olunan qiymətlər ötən ilki qiymətlərlə eynidir. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvarın getməsi nəzərdə tutulur.